20.10.2012

Bir kitabın sirri


Gənc yazıçı Çingiz Mehbalıyev: “Yenilik gətirməyəcəyin işə girişmək olmaz”

Bugünkü müsahibimiz yazdığı "Miras: Bakının sirri" kitabı ilə ədəbi sferaya qədəm qoymuş Çingiz Mehbaliyevdir. İctimai fəaliyyətinə görə daha çox rəssam kimi tanıdığımız Çingiz bəylə kitabın yazılmasından, satışından və  hansı nüansların kitabı oxuculara sevdirməsindən danışdıq.

 - Sizin kitabınız işıq üzü görəndən kifayət qədər maraq doğurdu. Bunun səbəbini nədə görürsünüz? Bu kitabı digərlərindən fərqləndirən və maraqlı edən cəhətləri nədir?

- Bu sual kitabı yazmazdan əvvəl bir yazıçı olaraq mənim qarşımda duran ilk sual idi. Mən kitabı yazmağa başlayarkən onun maraqlı olub-olmadığından və digər kitablardan fərqlənib-fərqlənmədiyindən başlayıram. Əgər yazacağım kitab mənim şəxsən özümə maraqlı və fərqli görsənmirsə onda kompyuter arxasına oturmuram. Mənim kitab yazmaq üçün bir neçə kriteriyam var. Onlardan biri belə səslənir: necə bir kitab oxumaq istəyirəmsə, o səviyyədə kitab yazıram. Digər vacib məqam isə kitabın insanın hansı xüsusiyyətinə təsir etməsidir. Bir çoxları fikirləşir ki, kitab insanın emosiyalarına təsir etməlidir. Digərləri isə düşünür ki, kitab insanın ağlına təsir etməlidir. Mən isə fərqli düşünürəm. Mən düşünürəm ki,  kitab insanın emosiyalarına və ağlına təsir etməklə bərabər, həm də onun iradəsinə təsir etməlidir. Deyə bilərəm ki, əksər yazıçılar bu məqama ümumiyyətlə fikir vermirlər. Mən isə "Miras: Bakının sirri" kitabında bu üç məqamı bir araya gətirə bildim. Məhz bunun nəticəsidir ki, əksər oxucular kitabda yazılanlara inanmağa başladılar və hətta orada yazılanlara uyğun hərəkətlər etməyə qərar verdilər.

- Heç vaxt kitab yazmamış bir şəxsin 1000 tirajla çıxan kitablarını artıq bir çox kitab mağazasında tapmaq olmur. Yüksək və sürətli satışlara necə nail oldunuz?
- Kitabı çap etməyə hazırlaşanda çoxları mənə sual verirdilər ki, "belə tirajda kitab çap edirsən, bəs bunun hamısını sata biləcəksən?". Əslində bu tip sualları verən insanları da müəyyən mənada başa düşmək olar. Çünki, hazırki dövrdə yazarların çoxu oxucu çatışmazlığından şikayətlənirlər. Mənim də belə "sürprizlər"lə qarşılaşa biləcəyim istisna deyildi. Ona görə də satışları necə təşkil edəcəyim barədə xüsusi düşünüb strategiya qurdum. Etiraf etməliyəm ki, bu iş həm biznes düşüncəsi, həm də kreativlik tələb edir. Müsahibələrimin birində özümün işə yanaşma tərzim barədə belə demişdim - "yenilik gətirməyəcəyin işə girişmə!". Kitab yazmağa  başlayanda da əsas prinsipim bu idi. Kitab çapı və satışına başlayanda da digər yazarlardan daha fərqli addımlar atdım. Məsələn, bir çox gənclər kitab çap edərkən məşhur adamlardan ön söz yazmaqlarını xahiş edirlər. Mən isə bunu etmədim. Və yaxud da gənc yazarlar elə ilk kitabı üçün dərhal təqdimat mərasimi edib bu yolla satışa nail olmağa çalışırlar. Mən isə başqa yolla gedərək kitabım üçün xüsusi təqdimat mərasimi etmək istəmədim. Hər iki halda mənim yalnız bir məqsədim vardı: kitab ön söz yazan məşhura və təqdimat mərasiminə görə satılmasın, kitab özünün maraqlı və oxucu üçün dəyərli olmağına görə satılsın. Kitab satışında etdiyim digər yenilik isə sosial media vasitələrindən peşəkarcasına istifadə etməyim oldu. Bu üsulları tətbiq etmək hər kəsin öz əlindədir. İstifadə etdiyim digər üsullar isə sirr olaraq məndə qalsın.

- Bu kitabın ruhunundan və oxucuların fikrindən başa düşmək olar ki, kitab Azərbaycanda bir çox ilkələrə imza atıb. Bunları sadalaya bilərsinizmi?
- Bunu mənim deməyim təvazökarlıqdan bir az uzaq ola bilər. Eyni zamanda isə kitabın bir sıra yenilikçi və fərqli xüsusiyyətlərə malik olacağını əvvəlcədən özüm də bilirdim. Buna görə də kitab hazır olan kimi dərhal Müəllif hüquqları agentliyindən qeydiyyatdan keçirdim. Kitabın yenilikçi xüsusiyyəti isə onun mahiyyətindən irəli gəlir. Belə ki, kitab intellektual detektiv üslubunda yazıldığından orada kifayət qədər ciddi araşdırmalar öz əksini tapıb. Belə ki, Qız Qalasının "qızıl bölgü" əsasında tikilməyi, Quranda məhz hansı ayədə "qızıl bölgü"yə işarə olunmasının vurğulanması "Miras: Bakının sirri" kitabının etdiyi açılışlar idi. Kitabın digər maraqlı xüsusiyyəti isə bədii ədəbiyyat nümunəsi olmağına baxmayaraq orada 22-dən artıq real elmi mənbəyə istinad olunması və 37-dən artıq tarixi şəxsiyyətin adının çəkilməyidir. Kitabın özü isə ənənəvi formada ön sözlə başlamır. Mən bu konsepsiyadan kənar durdum və kitabın əvvəlinə "Motivasiya: Niyə məhz bu kitab?" bölməsini əlavə etdim. Düşünürəm ki, hər bir oxucunun halal haqqıdır bilsin ki, o bu kitabı niyə görə vaxt sərf edib oxumalıdır və nəyə görə bu kitaba pul xərcləməlidir. Kitabdakı digər yenilikləri və fərqlilikləri isə oxucular oxuduqca şahidi olacaqlar.

- Kitabı müxtəlif müsabiqələrə təqdim etmək fikriniz varmı?
- Bəli, var. Əslində bu təşəbbüş oxuculardan gəldi. Belə ki, məhz onların gözləntilərinə uyğun olaraq kitabı "Milli Kitab Mükafatı"na təqdim etdik. Eyni zamanda demək istərdim ki, bu kitabla bağlı bir çox işlər məhz oxucuların təşəbbüsü ilə həyata keçirilib. Misal üçün kitabın onlayn kitab saytlarına goodreaders və vikitap-da yerləşdirilməsi məhz oxucuların birbaşa təşəbbüsü ilə olub. Oxuculardan aldığımız növbəti təşəbbüs isə "Miras: Bakının sirri" barədə onlayn ensiklopediya hesab olunan Vikipediyada xüsusi olaraq zəngin məqalənin yerləşdirilməsidir. İndi artıq hər kəs Azərbaycandilli Vikipediyada kitab barədə yazılmış bu məqaləni oxuya bilər.

- Daha hansı yeniliklərlə oxucuların qarşısına çıxmaq fikrin var?
- Əgər işlərimiz öz qaydasında getsə, düşünürəm ki, 2012-ci ilin sonuna yeni kitabımla oxucuların görüşünə gələcəyik, İnşallah. Bu kitabı da artıq Müəllif hüquqları agentliyindən qeydiyyatdan keçirmişəm.

- Əgər sirr deyilsə yeni kitabınız nədən bəhs edir?
- Bu kitab bir casusun, Şimali Afrika və Yaxın Şərqin ərəb ölkələrinin həyatını dəyişmiş "Ərəb baharı"nı necə həyata keçirməsindən bəhs edir. O cümlədən, kitabda Avropa iqtisadi böhranının Ərəb inqilabları ilə hansı formada əlaqəli ola bilməsi barədə ehtimallar var. Düşünürəm ki, bu kitab müasir dünyamıza fərqli yöndən baxmaq üçün oxucularımıza yaxşı fürsət olacaq. Kitabın adını da bəri başdan açıqlaya bilərəm - "Şərqdə Fırtına".

- Sözün düzü kitabın adı və mövzusu mənə indidən maraqlı gəldi. İnanırıq ki, növbəti kitabınız əvvəlkindən daha uğurlu və həyəcanverici olacaq.
- Elə biz də buna inanırıq və əlimizdən gələni edirik ki, oxucuların inamını doğruldaq.

Söhbətləşdi: Rüfət Əhmədzadə

Комментариев нет:

Отправить комментарий